"SOCAR Türkiyə" ilə Iğdır Futbol Klubu arasında sponsorluq müqaviləsi daha bir il uzadılıb

Türkiyənin ən böyük birbaşa xarici investorlarından və ən böyük inteqrasiya olunmuş sənaye qruplarından biri olan "SOCAR Türkiyə" ilə Iğdır Futbol Klubu arasında sponsorluq müqaviləsinin müddəti daha bir il uzadılıb.
Yeni razılaşmaya əsasən, "SOCAR Türkiyə" 2026-2027-ci il mövsümündə də Iğdır Futbol Klubunun forma sinə sponsoru olaraq komandaya dəstəyini davam etdirəcək.
Şirkətdən bildirilib ki, "SOCAR Türkiyə" idmanın birləşdirici gücünə töhfə verməklə yanaşı, futbolun yaratdığı həyəcanı Türkiyənin şərqindən qərbinə qədər yaymaq istiqamətində fəaliyyətini davam etdirir. Şirkət idmanı yalnız rəqabət meydanı deyil, cəmiyyəti bir araya gətirən, gənclərə ilham verən və regional inkişafa töhfə verən mühüm vasitə kimi qiymətləndirir.
Sponsorluq müqaviləsinin yenilənməsi ilə bağlı keçirilən imza mərasimində "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov, Iğdır Futbol Klubunun prezidenti Cantürk Alagöz, həmçinin SOCAR Türkiye və klubun rəhbər şəxsləri və bəzi futbolçular iştirak ediblər.
SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov bildirib ki, şirkət fəaliyyət göstərdiyi sahələrlə yanaşı, cəmiyyətlə güclü bağlar yaradan layihələrə də xüsusi əhəmiyyət verir. Onun sözlərinə görə, Iğdır Futbol Klubu ilə əməkdaşlığın üçüncü ilinə daxil olduqları bir vaxtda sponsorluq müqaviləsinin daha bir il uzadılması məmnunluq doğurur.
“İdmanın, xüsusilə gənclər üçün motivasiya və gələcəyə inam yaradan çox güclü bir sahə olduğuna inanırıq. Yeni mövsümün klub, futbolçular və bütün Iğdır üçün uğurlu keçməsini arzulayıram”, – deyə Elçin İbadov vurğulayıb.
Iğdır Futbol Klubunun prezidenti Cantürk Alagöz isə "SOCAR Türkiyə" ilə əməkdaşlığın yeni mövsümdə də davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, bu tərəfdaşlığın sadəcə sponsorluq münasibəti olmadığını, eyni zamanda kluba və şəhərə göstərilən etimadın mühüm göstəricisi olduğunu bildirib. C.Alagöz qeyd edib ki, klub qarşıdakı dövrdə hədəflərini daha da böyüdərkən eyni dəyərləri bölüşən güclü tərəfdaşların dəstəyi komandaya əlavə motivasiya verir. O, "SOCAR Türkiyə"yə kluba və idmana davamlı dəstəyinə görə təşəkkür edib və tərəflərə yeni mövsümdə uğurlar arzulayıb.




Comments