“AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Xankəndi şəhərində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib. Forum “AccessBank”ın tərəfdaşlığı, “Karabakh Training Center” və “World” Təhsil və İnkişaf platformasının təşkilatçılığı ilə baş tutub.
“ÖyrədənSƏN” devizi ilə baş tutan forumun əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafına dəstək olmaq, müasir və innovativ yanaşmaları təşviq etmək və regionda təhsil mühitinin formalaşmasına töhfə verməkdir.
Tədbirdə ölkənin müxtəlif bölgələrindən Əməkdar müəllimlər, təhsil ekspertləri, dövlət qurumlarının nümayəndələri və təhsil ictimaiyyətinin digər üzvləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Xasay Cahangirov, Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov, Qarabağ Universitetinin nümayəndəsi və digər qonaqlar çıxış ediblər. Çıxışlarda işğaldan azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, müəllim əməyinin rolu və qiymətləndirilməsi, regionun sosial-iqtisadi inkişafını dəstəkləyən güzəşt və azadolmalar, eləcə də təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi məsələlərinə toxunulub.
Forum təhsil sahəsində çalışan peşəkarların təcrübə mübadiləsi aparması, yeni yanaşmaları müzakirə etməsi və Qarabağda təhsilin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparması üçün platforma yaradıb.
Təhsilin inkişafını və insan kapitalına sərmayəni uzunmüddətli inkişafın əsas istiqamətlərindən biri kimi qiymətləndirən “AccessBank” müxtəlif layihə və təşəbbüslər vasitəsilə bu sahəyə dəstəyini davam etdirir. Bankın “VətəndəSƏN” II Qarabağ Təhsil Forumuna tərəfdaşlığı da Qarabağda təhsil mühitinin inkişafına, müəllimlərin təcrübə mübadiləsinə və regionun insan kapitalının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.




Comments