“Lənkəran” sponsor axtarır: “Maliyyə dəstəyi tapılmazsa…”

3 ildir, Region Liqasında mübarizə aparan “Lənkəran” komandası dağılmaq təhlükəsi ilə üz-üzədir.
Bu barədə klubun prezidenti Rəhman Abbasov açıqlamasında deyib. O, sponsorsuzluqdan əziyyət çəkdiklərini və maliyyə dəstəyi tapılmazsa, klubun dağılacağını bildirib:
“Klubun rəhbəriyəm, amma sponsor tapılmazsa, Regional Liqada mübarizə aparmağı dayandıracağıq. 3 ildir ki, öz hesabımıza çıxış edirik. Şəxsi imkanlarımla komandanın maddi ehtiyaclarını qarşılayıram. Burada oynayan heç bir futbolçu və ya işçi maaş almır. Hamısı könüllü olaraq çalışırlar, oynayırlar. Düzdür, futbolçular yenə oynamağa hazırdılar. Amma maddi problemlər buna imkan vermir.
Lənkəranda yerləşən böyük şirkətlərin filiallarına və əlim çatan yerlərə sponsorluq üçün müraciət etmişəm. Biz bir komanda şəklində 3 il mübarizə aparmışıq. Futbolçular nə maaş alıb, nə “premiya”. Onlar öz istirahət günlərini komandaya həsr ediblər. Lənkəranda futbol yoxdur deyə komanda yaratmışıq. Uğurlu addım atmışıq və iki il Regional Liqada 1/4 finala qədər irəliləmişik. Ötən mövsüm bu mərhələdə mübarizə aparan 8 klubdan təkcə “Lənkəran”ın sponsoru yox idi. Qalan klublar hamısı sponsor hesabına gəlmişdilər. İş adamı deyiləm, biznesim yoxdur, keçmiş polis işçisi, Birinci Qarabağ Müharibəsi veterenıyam. Hər yerdə bizə sual verirlər ki, nə vaxt Lənkəran klubu yüksək liqada olacaq. Amma bu gün Regional Liqada mübarizə aparmaq gücündə deyilik. Sentyabrın 17-nə qədər vaxtımız var. Sponsor tapılmasa, bu rayonun olan tək futbol klubu da dağılacaq”.
Mənbə: https://futbolpress.az/l%C9%99nk%C9%99ran-sponsor-axtarir-maliyy%C9%99-d%C9%99st%C9%99yi-tapilmazsa/




Comments