"PAŞA Holding"in dəstəklədiyi startap Qazaxıstan bazarına çıxır

"PAŞA Holding"in daxili "WeStart" proqramı çərçivəsində inkişaf edən startaplardan biri olan "Park Hub Baku" startapı Qazaxıstan bazarına çıxmaq üçün "Almaty Hub"da həyata keçirilən "Central Eurasia Market Entry" (CEME) proqramına qoşulub.
2026-cı ilin iyun ayında "Park Hub Baku" İslam İnkişaf Bankı Qrupunun Bakıda təşkil etdiyi 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsində üçüncü yeri tutaraq bürünc mükafat və 3 000 ABŞ dolları qazanıb. Layihə "Supply Chain & Smart Cities" istiqaməti üzrə Azərbaycandan daxil olan 220-dən çox müraciət arasında ən yaxşı nəticə göstərib.
Təsisçilərinin "parkinq üçün "Netflix" adlandırdığı "Park Hub" şəhərin müxtəlif tərəfdaş parkinqlərindən vahid abunə vasitəsilə istifadə etməyə imkan verən B2B platformadır. Azərbaycanda şirkətlər bu xidməti əməkdaşları üçün əldə edə bilərlər.
Almatı yollarında hər gün bir milyona qədər avtomobil hərəkət edir. Şəhər rəhbərliyinin məlumatına görə, mərkəzdəki "Almaty Parking" şəbəkəsində isə təxminən 12 500 parkinq yeri mövcuddur.
"Parkinq iri şəhərlərin ən kəskin problemlərindən biridir və onun həlli hər zaman yeni yerlərin tikintisini tələb etmir. Çox vaxt mövcud parkinqlərdən daha səmərəli istifadə etmək kifayətdir. Bakıda artıq nəticələri görürük: xidmətə iri məkanlar qoşulub, tətbiqin istifadəçilərinin sayı isə 2 000-ə çatıb. İndi bu modeli Qazaxıstanda genişləndirmək istəyirik. Sıx nəqliyyat axını ilə seçilən Almatı bizim üçün növbəti məntiqli addımdır", - deyə "Park Hub"ın təsisçisi və baş icraçı direktoru (CEO) Orman Sultanlı bildirib.
Vahid "Park Hub" abunəliyi biznes mərkəzlərini, hotelləri, ticarət mərkəzlərini və özəl parkinqləri vahid ekosistemdə birləşdirir. Nömrə tanıma kameraları vasitəsilə terminallardan və əlavə ödəniş əməliyyatlarından istifadə etmədən giriş-çıxış təmin olunur. Tətbiqdə boş parkinq yerlərini real vaxt rejimində izləmək və rezervasiya etmək mümkündür.




Comments