AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
- 4 hours ago
- 2 min read

Aprelin 29-da "AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) təşəbbüsü ilə 25 və 29 aprel 2026-cı il tarixlərində Milli Aviasiya Akademiyasının (MAA) məzunlarından ibarət ümumilikdə 36 nəfərlik heyət ixtisasartırma təlim proqramında iştirak etmək məqsədilə İspaniyanın Lerida şəhərinə yola salınıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Proqramın məqsədi gənc məzunların peşə hazırlığının gücləndirilməsi və onların beynəlxalq standartlara uyğun ikinci pilot kimi yetişdirilməsidir.
Məzunlar Baltik Aviasiya Akademiyasının (BAA - "Baltic Aviation Academy") Lerida şəhərində fəaliyyət göstərən təlim mərkəzində 18 aylıq nəzəri və praktiki hazırlıq proqramına cəlb olunacaqlar. Proqramı uğurla başa vuran gənc pilotlar Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən verilən beynəlxalq sertifikat əldə edəcəklər.
BAA Avropanın aparıcı aviasiya təlim mərkəzlərindən biri kimi pilot hazırlığı sahəsində beynəlxalq səviyyədə tanınır. Müasir tədris metodologiyası, qabaqcıl simulyator texnologiyaları və təcrübəli beynəlxalq təlimçi heyəti ilə seçilən akademiyada təhsil alan məzunlar dünyanın müxtəlif nüfuzlu aviaşirkətlərində pilot kimi fəaliyyət göstərirlər. Təlim iştirakçıları EASA-nın standartlarına uyğun nəzəri və praktiki biliklər əldə edərək beynəlxalq aviasiya bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər kimi formalaşırlar.
Təlimin növbəti mərhələsində məzunlar Litvada yerləşən təlim mərkəzində "Airbus A320" tipli təyyarə üzrə hazırlıq keçərək tip üzrə ixtisaslaşma ("type rating") sertifikatı əldə edəcəklər. Bütün mərhələləri uğurla tamamlayan pilotlar Azərbaycana qayıdaraq AZAL-da ikinci pilot kimi fəaliyyətə başlayacaqlar. Hazırda əlavə olaraq 25 pilot Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində, 65 pilot isə Türkiyədə yerləşən təlim mərkəzində hazırlıq proqramlarında iştirak edir.
MAA məzunları bu proqrama seçim mərhələsində Azərbaycana dəvət olunmuş beynəlxalq ekspertlər tərəfindən keçirilən "SkyTest" imtahanında iştirak edirlər. İmtahan namizədlərin psixoloji hazırlığını və motorik bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır, yekun seçim isə "SkyTest" ekspert rəyləri əsasında həyata keçirilir.
Source of the news: https://oxu.az/cemiyyet/azal-in-tesebbusu-ile-milli-aviasiya-akademiyasinin-genc-mutexessisleri-telimde-istirak-ucun-avropaya-yola-dusubler-video
P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum




Comments