top of page

“1 kitab, 1 təbəssüm” – SAĞLAM AİLƏ Tibb Mərkəzindən sosial təşəbbüs

2 hours ago
3 min read
"1 book, 1 smile" – A social initiative from SAĞLAM AİLƏ Medical Center

6 Sentyabr – Beynəlxalq Kitab Oxuma Günü münasibətilə korporativ sosial məsuliyyət prinsiplərinə xüsusi önəm verən SAĞLAM AİLƏ Tibb Mərkəzi tərəfindən xüsusi qayğıya və diqqətə ehtiyacı olan uşaqlar üçün “1 kitab, 1 təbəssüm” adlı ianə aksiyası keçirilib.

Aksiya çərçivəsində Tibbi Mərkəzin idarəçi direktoru Vədiyə Ələkbərzadə və əməkdaşlardan ibarət heyət “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzini ziyarət edib.

Təşəbbüsün əsas məqsədi sığınacaqda yaşayan uşaqlara kitab hədiyyə etməklə onların mütaliəyə marağını artırmaq, asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək və Beynəlxalq Kitab Oxuma Gününü onlarla birlikdə qeyd etmək olub.

Ziyarət zamanı Mərkəzin direktoru Kəmalə Ağazadə qonaqları sığınacağın fəaliyyəti ilə yaxından tanış edib, onlara uşaqlar üçün yaradılmış şərait, onların təhsilinə, sosial inkişafına və cəmiyyətə reinteqrasiyasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.

Sığınacaqla tanışlıq zamanı uşaqların sosial müdafiəsi və inkişafı istiqamətində həyata keçirilən işlər qonaqlarda xoş təəssürat yaradıb.

Sonra Mərkəzin akt zalında uşaqlarla görüş keçirilib. Görüşdə K.Ağazadə uşaqlar üçün xüsusi məna daşıyan belə bir gündə göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, sığınacaq sakinlərinin həyat hekayələrindən, qarşılaşdıqları çətinliklərə dözüm və səbirlə sinə gərmələrindən, eləcə də əldə etdikləri uğurlardan həssaslıqla söz açıb.

Sığınacağın direktoru “1 kitab, 1 təbəssüm” təşəbbüsünün uşaqların gələcəyinə, təhsilinə və inkişafına göstərilən diqqətin mühüm ifadəsi olduğunu bildirərək deyib: “Bu gün bizim üçün çox əlamətdar və xoş bir gündür. SAĞLAM AİLƏ Tibb Mərkəzinin rəhbərliyinin və əməkdaşlarının uşaqlarımızı ziyarət etməsi, onlarla vaxt keçirməsi və kitabın dəyərinin vurğulanması bizi çox məmnun etdi. Bu gün uşaqlara təqdim olunan hər bir kitab, əslində, onların gələcəyinə verilən dəyərli töhfədir. İnanırıq ki, bu kitablar uşaqlar üçün yeni biliklərin, yeni arzuların və yeni uğurların başlanğıcına çevriləcək”.

Öz növbəsində Vədiyə Ələkbərzadə uşaqların gələcəyinə göstərilən diqqət və qayğının dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin məsuliyyətini də artırdığını bildirib. Onun sözlərinə görə, uşaqların hərtərəfli inkişafının təmin olunması, onların təhsil və mütaliəyə marağının artırılması, sosial müdafiəyə ehtiyacı olanlara diqqət və qayğının göstərilməsi cəmiyyət qarşısında duran mühüm vəzifələrdəndir. Uşaq hüquqlarının qorunmasının aktuallıq təşkil etdiyi ölkəmizdə həyata keçirilən bu kimi təşəbbüslər sosial həmrəylik, xeyirxahlıq və mərhəmət dəyərlərinin daha da möhkəmlənməsinə xidmət edir.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri uşaqların hüquq və mənafelərinin qorunması, onların layiqli həyat şəraitinin təmin olunmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlara xüsusi diqqət və qayğısı, bu istiqamətdə həyata keçirdiyi çoxsaylı sosial və humanitar təşəbbüslər isə cəmiyyətimizdə xeyirxahlıq, mərhəmət və sosial həmrəylik dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verir”, - deyə idarəçi direktor vurğulayıb.

O, həmçinin qeyd edib ki, sosial məsuliyyət anlayışı səhiyyə sahəsində fəaliyyət göstərən qurumlar üçün yalnız tibbi xidmətlərin göstərilməsi ilə məhdudlaşmır. Ehtiyacı olan, sosial müdafiəyə həssas kateqoriyalara aid şəxslərə, xüsusilə uşaqlara diqqət və qayğının göstərilməsi, onların sosial rifahına və inkişafına töhfə verilməsi korporativ dəyərlərin mühüm tərkib hissəsidir.

“Mərkəzin rəhbərliyi hesab edir ki, səhiyyə sahəsində fəaliyyət göstərən qurumların cəmiyyət qarşısında məsuliyyəti insanların sağlamlığının qorunması ilə yanaşı, sağlam sosial mühitin formalaşdırılmasına dəstək verməyi də əhatə edir. Bu yanaşma həyata keçirdiyimiz sosial layihə və təşəbbüslərdə öz əksini tapır”, – deyə Vədiyə Ələkbərzadə bildirib.

Sonda taleyin çətinlikləri ilə erkən yaşlarda üzləşən, bu yaşda artıq dözümün və səbrin nə olduğunu öyrənən sığınacaq sakinləri ilə səmimi fikir mübadiləsi aparılıb, onların arzu və istəkləri dinlənilib, uşaqlara müxtəlif sovqatlar təqdim olunub, xatirə fotoları çəkdirilib.

Tədbirin ən yaddaqalan və həssas məqamlarından biri isə Mərkəzin əməkdaşlarının hədiyyə olunan hər kitabın içərisinə uşaqlar üçün yazdıqları səmimi notlar olub. Qoy, bu kiçik notlar uşaqların qəlbində xoş bir xatirəyə, onlara ünvanlanan səmimi sevgi mesajına və gələcəyə inam yaradan bir ümid işığına çevrilsin!

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page