“Rabitəbank” Zəfər Günü münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Daha yaşıl və dayanıqlı gələcəyin qurulmasına töhfə verməyi sosial məsuliyyətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirən “Rabitəbank” ekoloji təşəbbüslərə dəstəyini davam etdirir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin növbəti nümunəsi olaraq bank 8 Noyabr - Zəfər Gününə həsr edilmiş ağacəkmə aksiyasına qoşulub. Abşeron rayonunun Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya həm ətraf mühitin qorunmasına, həm də yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Aksiya 2023-cü il martın 13-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyyə sektorunu təmsil edən altı assosiasiya arasında imzalanmış, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş ağacəkmə tədbirləri üzrə əməkdaşlıq memorandumuna əsasən həyata keçirilib. Memorandum çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə isə 1 milyon ağacın əkilməsi hədəflənir. Artıq dördüncü ildir davam edən bu genişmiqyaslı ekoloji təşəbbüsdə “Rabitəbank” da fəal iştirak edərək ölkədə yaşıllıqların artırılmasına və ekoloji tarazlığın qorunmasına öz töhfəsini verir.
Tədbir zamanı çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev təşəbbüsün davamlılığının təmin edilməsinin və əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, gələcək mərhələlərdə yeni ağacəkmə ərazilərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib, layihənin işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qarabağda da həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Aksiya çərçivəsində iştirakçılar tərəfindən 2 hektar ərazidə 1250 ədəd Eldar şamı və zeytun ağacı əkilib. Ümumilikdə isə Müşfiqabad qəsəbəsində ayrılmış 60 hektar sahədə yerli iqlim şəraitinə uyğun 40 minə yaxın müxtəlif növ ağacın əkilməsi və müvafiq suvarma infrastrukturunun yaradılması planlaşdırılır.
“Rabitəbank” üçün ekoloji dayanıqlılıq gələcək nəsillər qarşısında sosial məsuliyyətin ifadəsidir. Bank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərdə iştirakını davam etdirməyi, təbiətin mühafizəsinə və daha yaşıl gələcəyin formalaşmasına töhfə verməyi prioritet istiqamətlərindən biri hesab edir.




Comments