Neftçalada yeni layihə reallaşdırılır
- Aug 12
- 1 min read

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "BP Azərbaycan"ın maliyyə dəstəyi ilə Neftçalada iqlim risklərinin qiymətləndirilməsi, "yaşıl maliyyə" və ESG (Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə) yanaşmalarının təşviqinə yönəlmiş yeni layihənin icrasına başlanılıb.
Layihənin əsas məqsədi rayonda iqlim dəyişikliklərinin yaratdığı risklərin qiymətləndirilməsi, bu risklərin sosial-iqtisadi təsirlərinin təhlili, "yaşıl maliyyə" alətlərinin tətbiq imkanlarının təşviqi və yerli səviyyədə iqlimədavamlı idarəetmə yanaşmalarının inkişafına dəstək göstərməkdir.
İqlim dəyişiklikləri bu gün təkcə ekoloji deyil, həm də iqtisadi və sosial inkişaf üçün mühüm çağırışlardan biridir. Xüsusən kənd təsərrüfatı, balıqçılıq və sahilyanı ekosistemlərin üstünlük təşkil etdiyi Neftçala rayonu iqlim dəyişikliklərinin təsirlərinə həssas ərazilərdən hesab olunur. Bu baxımdan risklərin vaxtında müəyyən edilməsi və onların idarə olunması üzrə praktik yanaşmaların formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
ARPA İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova layihənin əhəmiyyətini vurğulayaraq bildirib: "Ölkəmizdə "yaşıl iqtisadiyyat"a keçid dövlət siyasətinin prioritetidir. Neftçala kimi iqlim dəyişikliyinə həssas regionlarımızda risklərin düzgün idarə olunması və "yaşıl maliyyə" alətlərinin tətbiqi həm yerli sahibkarlığın dayanıqlığı, həm də ekoloji təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir".
Bu cür layihələrin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.
Source of the news: https://azerbaijan-news.az/az/posts/detail/neftcalada-yeni-layihe-reallasdirilir-1785878236/398127




Comments