Azərbaycanda biznesin 132 sosial təşəbbüsündən yalnız 9-nun büdcəsi açıqlanıb – araşdırma

Bu yay Azərbaycan mediasında müxtəlif şirkətlərin 132 sosial layihəsi haqqında məlumat dərc olunub. Lakin onlardan yalnız doqquzunun büdcəsi göstərilib, yazıların dörddə birindən çoxunda isə hətta iştirakçı sayı belə qeyd edilməyib.
Bu nəticələr iyun–avqust 2026-cı il dövrünü əhatə edən 3I – Initiativs Impact Index indeksinin yay buraxılışında yer alıb. İndeks korporativ sosial məsuliyyət (KSM) təşəbbüslərini yalnız açıq mənbələrdə dərc olunan məlumatlar əsasında qiymətləndirir. Onu Gallup International Association üzvü olan SIAR Research and Consulting Group araşdırma şirkəti hazırlayır.
Yay rəqəmlərlə
132 təşəbbüs üzrə orta qiymət 5 baldan 2.85 olub: iyunda 2.75, iyulda 2.90, avqustda isə 2.96.
Təşəbbüslərin 59%-i şkalanın orta hissəsində qərarlaşıb, yalnız biri ən yüksək kateqoriyaya daxil olub.
Büdcə 9 yazıda göstərilib, 36 yazıda isə əhatə dairəsinə dair məlumat yoxdur.
Təşəbbüslərin yarısı Bakıda həyata keçirilib.
Proqramın davam etdirilməsinə dair öhdəlik yazıların yalnız 13%-ində yer alıb.
Qiyməti nə yüksəldir?
Əvvəlki illərdə də keçirildiyi təsdiqlənən, tərəfdaşlarının adları açıqlanan və əhatə dairəsi konkret rəqəmlərlə göstərilən proqramlar daha yüksək qiymət alır. Bu xüsusiyyətlər indeksin metodologiyasında nəzərə alınır və müqayisə edilən qruplar arasındakı fərq beşballıq şkala üzrə təxminən bir bala çatır.
Əvvəlki buraxılışları təsdiqlənən proqramlar (69) orta hesabla 3.16 bal, ilk dəfə keçirilənlər (23) isə 2.22 bal toplayıb. Tərəfdaşlarının adları göstərilən layihələr (107) 2.98 bal, bir şirkətin tərəfdaşsız həyata keçirdiyi layihələr (16) isə 2.19 bal alıb. Əhatə dairəsi konkret rəqəmlərlə göstərilən yazılar (72) 3.18 bal, heç bir rəqəm verilməyən yazılar (36) isə 2.29 bal ilə qiymətləndirilib. Aralıq xüsusiyyətlərə malik təşəbbüslər bu müqayisələrə daxil edilməyib.
Ən yüksək kateqoriya olan Flagship-ə 5 baldan 4.55 balla daxil olan yeganə təşəbbüsdə sadalanan xüsusiyyətlərin hamısı var. Söhbət NEQSOL Holding ilə YAŞAT Fondunun 2021-ci ildən davam edən əməkdaşlığından gedir. Bu müddətdə holdinqin şirkətləri fonda 3.8 milyon manat vəsait köçürüb, 5 000-dən çox insan yardım alıb.
Banklar sayda öndədir, balda yox
Bütün təşəbbüslərin 45%-i bankların (35) və telekommunikasiya şirkətlərinin (24) payına düşüb. Bununla belə, bank layihələrinin orta balı (2.79) ümumi orta göstəricidən aşağı, telekommunikasiya layihələrinin orta balı (2.96) isə bir qədər yuxarı olub. Ən yüksək orta nəticə müxtəlif sahələrdə fəaliyyət göstərən holdinqlərə məxsusdur – 3.63 bal. Lakin onların cəmi səkkiz təşəbbüsü qiymətləndirilib. Siyahının sonunda istehlak malları və pərakəndə ticarət sektoru (2.62), eləcə də sığorta şirkətləri (2.22) yer alıb.
Kimə və necə kömək edilir?
Təşəbbüslərin təxminən 38%-i (132-dən 50-si) ən həssas qruplara – şəhid ailələrinə, çətin həyat şəraitində olan uşaqlara və əlilliyi olan şəxslərə yönəlib. Bu proqramların orta qiyməti 3.03 bal, geniş auditoriya, tələbələr və şirkət əməkdaşları üçün nəzərdə tutulan layihələrin (63) orta qiyməti isə 2.68 bal olub. Digər qruplara yönələn təşəbbüslər bu müqayisəyə daxil edilməyib.
Bununla yanaşı, layihələrin əhəmiyyətli hissəsi birdəfəlik aksiyalar olaraq qalır. Hər beş yazıdan birində (21%) mərasim təsvir olunsa da, göstərilən yardımın nəticələri barədə məlumat verilməyib. Təşəbbüslərin təxminən yarısında (45%) hədiyyə paylanması və ya birdəfəlik tədbir kimi ənənəvi formatlardan istifadə olunub. Yalnız 12 halda (9%) gəlir, iş yerləri və ya daimi infrastrukturla bağlı nəticələr təsvir edilib.
Bakı və regionlar
Təşəbbüslərin yarısı (132-dən 66-sı) paytaxtda həyata keçirilib. Onlardan 52-si yalnız bir məkanla – bir tədbir, bir məktəb və ya bir ofislə məhdudlaşıb. Daha 19 proqramın ölkə üzrə həyata keçirildiyi bildirilib. Layihələrin təxminən üçdə biri Lənkəran və Qəbələdən Gəncə və Xankəndiyə qədər regionların payına düşüb. Bunlar əsasən birdəfəlik layihələrdir və aralarında sistemli regional proqramlar azdır. Belə proqramlardan biri “Karabakh SMEs”dir. Dövlət Məşğulluq Agentliyi və PASHA Holding bu proqramı dördüncü ildir həyata keçirir. Bu il proqram beş regionda şəhid ailələrinin üzvləri və veteranlar arasından 55 iştirakçını əhatə edib.
Layihələr davam edəcəkmi?
Proqramı davam etdirmək barədə rəsmi öhdəlik – memorandum, çoxillik saziş və ya müntəzəm keçirilmə dövrü – yalnız 17 yazıda, yəni 13%-də göstərilib. 78 halda (59%) davamlılıq barədə ya heç nə deyilməyib, ya da ümumi ifadələrlə kifayətlənilib.
“Bir çox şirkət öz fəaliyyətinə dair yazılarda qeyd olunandan daha çox iş görür. İndeks dərc olunan məlumatı qiymətləndirir, buna görə konkret rəqəmlər olmadan proqramın miqyasını və nəticələrini dəyərləndirmək çətindir. Məlumat çatışmazlığı xüsusilə xərclər və nəticələrdə nəzərə çarpır: nə edildiyi barədə yazılır, nəyin dəyişdiyi barədə isə demək olar ki, heç vaxt”, – SIAR Research and Consulting Group-un tədqiqatlar üzrə direktoru və tərəfdaşı Əşrəf Hacıyev bildirir.
Metodologiya
Hər təşəbbüs beş istiqamət üzrə qruplaşdırılmış 17 altmeyar əsasında qiymətləndirilir: təsir, davamlılıq, innovativlik, başqa məkan və şəraitlərdə tətbiq imkanı və şəffaflıq. Metodologiya hazırlanarkən GRI-nin məlumatların açıqlanmasına dair yanaşmaları nəzərə alınıb. İndeks yalnız dərc olunmuş materiallara əsaslandığı üçün şirkətlərin bütün fəaliyyətini deyil, ilk növbədə təşəbbüslərinin xüsusiyyətlərini və nəticələrini nə dərəcədə dolğun açıqladıqlarını əks etdirir.




Comments